Ümumi ofertası
«Competo» MMC-nin Direktorunun 12.04.2019-cu il tarixli 01/C-2019 saylı Əmri ilə təsdiq edilmiş

«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqavilənin

Ümumi ofertası

1. ANLAYIŞLAR VƏ TƏRİFLƏR

1.1 Bonus manatı – Proqramın Qaydalarına uyğun olaraq hesablama mexanizmini həyata keçirməyə imkan verən şərti vahid. Bonus manatları yalnız uçot məqsədləri üçün istifadə edilir və gəlir növü, ödəniş vasitəsi, qiymətli kağız hesab edilmir və hesab edilə bilməz, eləcə də, vərəsəlik qaydasında ötürülə bilməz.
1.2 Müştərinin Bonus hesabı (Bonus hesabı) – Proqram çərçivəsində toplanmış və istifadə edilmiş Bonus manatlarına dair məlumatın sistemləşdirilməsi üçün Operator tərəfindən istifadə edilən texniki hesab. Bonus hesabı bank hesabı deyildir.
1.3 Müqavilə – «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqavilə.
1.4 Əlavə bonus manatı – Proqrama müştəriləri cəlb etmək məqsədi ilə Operator hesabına Müştərinin Bonus hesabına köçürülən Bonus manatı.
1.5 Müştəri – Müqaviləni hazırkı ümumi ofertanı aksept etmək yolu ilə bağlamış və Müqavilənin bağlanması tarixinə qüvvədə olan, fəaliyyət qabliyyəti ilə bağlı məsələləri tənzim edən qanunvericiliyə müvafiq olaraq müqaviləni bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxs (fərdi müştəri).
1.6 Bonus manatlarının hesablanması – Hesablayan Partnyordan malların/xidmətlərin alınması və ya Hesablayan Partnyorun maraqlarına xidmət edən hər hansı digər əməliyyata görə Müştərinin stimullaşdırılması üçün Hesablayan Partnyorun təşəbbüsü ilə həyata keçirilən, Proqramın Qaydalarına əsasən Müştərinin bonus hesabına Bonus manatlarının hesablanması (qalığın artırılması).
1.7 Hesablayan Partnyor – Proqramın həyata keçirilməsi çərçivəsində Hesablayan Partnyorun TMM-ində Proqram şərçivəsində əməliyyatların həyata keçirilməsi üçün Müştəriyə hesablanan Bonus manatlarını maliyyələşdirən şirkət.
1.8 Operator – «Competo» MMC.
1.9 Loyallıq Proqramının Partnyoru (Partnyor) – Hesablayan və (və ya) İstifadə edən Partnyor.
1.10 Fərdi məlumatlar üzrə siyasət - Operator tərəfindən işlənib hazırlanmış Müştərilərin fərdi məlumatları ilə iş prinsipləri; Fərdi məlumatlar üzrə siyasət saytda yerləşdirilir.
1.11 Proqramın Qaydaları (Qaydalar) – Proqram çərçivəsində əməliyyatların yerinə yetirilməsi qaydası.
1.12 Loyallıq Proqramı (Proqram) – Operatorun xüsusi proqram-texniki kompleksi əsasında Bonus manatlarının hesablanması (toplanması) və istifadəsi sistemi üzərində qurulmuş «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramı.
1.13 TMM – Partnyorun ticarət məntəqəsi (malların/xidmətlərin satış məntəqəsi).
1.14 Sayt – Operatorun internet şəbəkəsində www.umico.az ünvanında yerləşən saytı.
1.15 Mal – Müştəri tərəfindən Loyallıq Proqramının Partnyorundan alınan hər hansı mal, iş, xidmət.
1.16 Unikal identifikator (UİD) – hər bir UİD üzrə Müştərinin Proqram çərçivəsində həyata keçirdiyi əməliyyatların uçotunu aparmaq üçün istifadə olunan, Proqramın xüsusi olaraq yaratdığı simvollar ardıcıllığı və ya qrafik ardıcıllıq. UİD-in daşıyıcısı qismində ştrix-kodlu (QR-kod və s.) plastik kart (o cümlədən, bankın kobrendinq kartı), Operator tərəfindən xüsusi olaraq hazırlanmış və Google Play və AppStore-da yerləşdirilmiş mobil tətbiq, Operatorun mülahizəsi əsasında digər proqram-texniki vasitələr çıxış edə bilər.
1.17 Bonus manatlarının İstifadəsi – İstifadə edən Partnyor tərəfindən Müştəriyə malların/xidmətlərin təqdim edilməsi və bu zaman Proqramın qaydalarına əsasən Müştərinin Bonus hesabından Bonus manatlarının silinməsi.
1.18 İstifadə edən Partnyor – Proqramın həyata keçirilməsi çərçivəsində Müştərinin daha əvvəl topladığı Bonus manatlarını istifadə edən şirkət.

2. ÜMUMİ MÜDDƏALAR

2.1 Müqavilə ümumi oferta (müqavilə bağlamaq təklifi) deməkdir və Operatorun ofertasının Müştəri tərəfindən aksepti anından bağlanmış sayılır.
2.2 Hazırkı ümumi ofertanın aksepti Proqramın Qaydalarına müvafiq olaraq Müştərinin Proqramda UİD əldə etməsi və həmin UİD-in aktivləşdirilməsi deməkdir.
2.3 Müqavilə Proqram çərçivəsində Operator və Müştəri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi qaydasını müəyyənləşdirir.
2.4 Müqavilənin hazırkı redaksiyası Saytda yerləşdirilir.
2.5 Proqramın Qaydaları Müqavilənin ayrılmaz tərkib hissəsidir.

3. OPERATORUN VƏ MÜŞTƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1 Operator Müqavilənin yeni redaksiyasının təsdiqi yolu ilə Müqaviləyə birtərəfli qaydada dəyişikliklər və (və ya) əlavələr etmək hüququna malikdir. Müqavilədə dəyişikliklər və (və ya) əlavələr edildiyi halda Operator yeni redaksiyasının qüvvəyə minməsinə 3 (üç) təqvim günü qalmışdan gec olmayaraq Müqavilənin yeni redaksiyasının elektron versiyasının Saytda yerləşdirilməsi yolu ilə Müştərini bu barədə xəbərdar etməlidir.
3.2 Müştəri Müqaviləyə əlavə və dəyişikliklər edilməsini müstəqil qaydada izləməyi öhdəsinə götürür. Müştərinin Müqavilənin yeni redaksiyasının qüvvəyə minməsindən sonra Proqram çərçivəsində yerinə yetirilən hərəkətləri Müştərinin Müqavilənin yeni redaksiyasına razılığının təsdiqidir.
3.3 Müştəri Qaydalara (Müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-ə) əməl etməyi öhdəsinə götürür.
3.4 Proqramın proqram-texniki kompleksindən istifadə edən zaman, o cümlədən, Proqram çərçivəsində istənilən digər hərəkətlərin yerinə yetirilməsi zamanı Müştəri özü haqqında səhih məlumatlar təqdim etməyi, həmçinin həmin məlumatları onlara vaxtında və dəqiq dəyişikliklər etməklə ən yeni versiyada saxlamağı öhdəsinə götürür.
Müştəri yalnız ona məxsus mobil telefon nömrəsini qeyd etmək, həmçinin mobil telefon nömrə dəyişdikdə Operatoru bu barədə dərhal xəbərdar etmək öhdəliyini daşıyır.
3.5 Müştəri Bonus manatlarının\Əlavə bonus manatlarının süni (Operatorun subyektiv rəyinə əsasən) şəkildə artırılması üçün Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan sui-istifadə etməməyi , o cümlədən, lakin bununla məhdudlaşmayaraq müxtəlif mobil nömrələrlə bir neçə UİD-i əldə etməməyi və aktivləşdirməməyi öz öhdəsinə götürür. Əsassız varlanma məqsədilə proqram çərçivəsində təqdim edilən imkanlardan Müştəri tərəfindən qəsdən sui-istifadəyə görə Müştəri qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyır
3.6 Operator vəziyyətin araşdırılması üçün qabaqcadan xəbərdarlıq etmədən Bonus manatlarının hesablanmasını dayandırmaq hüququna malikdir. Belə araşdırmanın başa çatmasınadək əvvəllər yığılmış Bonus manatlarının\Əlavə bonus manatlarının istifadəsinə icazə verilmir.
3.7 Müştəri tərəfindən Müqavilə şərtlərinin, o cümlədən, Müqavilənin 3.5-ci bəndinin pozulması halında Operator Müştərini qabaqcadan xəbərdarlıq etmədən Loyallıq Proqramından çıxarmaq hüququna malikdir. Bu halda toplanmış Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.8 Müştəri Operatora yazılı ərizə ünvanlamaqla Loyallıq Proqramında iştirakdan könüllü şəkildə imtina edə bilər. Bu halda hesablanmış Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.9 Müştəri Operatora Müştərinin mobil telefon nömrəsinə SMS-xəbərdarlıq şəklində, eləcə də, digər vasitələrdən və informasiya ötürülməsi kanallarından istifadə etməklə Müştərinin ünvanına məlumat və reklam xarakterli mesajlar göndərmək hüququ verir.
3.10 Müştəri Fərdi məlumatlar üzrə siyasətinə uyğun olaraq Operatora fərdi məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək hüququnu verir.
3.11 Operator Müştəriyə hesablanmış Bonus manatlarının\Əlavə bonus manatlarının avtomatik olaraq ləğv edilməsi müddətini müəyyən etmək hüququna malikdir. Ləğvetmə qaydası Saytın müvafiq bölməsində göstərilir.
3.12 Operator Loyallıq Proqramının fəaliyyətinin dayandırılması anına 3 (üç) təqvim günü qalmış Saytda Müştəriləri qabaqcadan məlumatlandırmaqla Loyallıq Proqramının fəaliyyətini dayandırmaq hüququna malikdir. Loyallıq Proqramının dayandırıldığı müddət ərzində Müştərilərə Bonus manatları hesablanmır, əvvəllər hesablanmış Bonus manatları\Əlavə bonus manatları isə istifadə edilə bilməz.
3.13 Operator Loyallıq Proqramının xitamı anına 3 (üç) təqvim günü qalmış Saytda Müştəriləri qabaqcadan məlumatlandırmaqla birtərəfli qaydada Müqavilənin yerinə yetirilməsindən imtina etmək (Loyallıq Proqramına xitam vermək) hüququna malikdir. Bu halda bütün Bonus manatları\Əlavə bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.14 Operator İştirakçıları qabaqcadan xəbərdar etmədən Loyallıq Proqramının istənilən Partnyorunu Loyallıq Proqramında iştirakdan xaric etmək hüququna malikdir.
3.15 Operator Müqavilə üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir.

4. OPERATORUN VƏ MÜŞTƏRİNİN MƏSULİYYƏTİ

4.1 Operator Loyallıq Proqramının tam fəaliyyətini təmin etmək üçün bütün səyləri göstərir, lakin bu zaman Loyallıq Proqramı çərçivəsində proqram-texniki nasazlıqlar və digər oxşar vəziyyətlər səbəbindən hesablanmış Bonus manatlarının\Əlavə bonus manatlarının toplanmasının və (və ya) istifadəsinin mümkün olmamasına görə məsuliyyət daşımır.
4.2 Mübahisə və fikir ayrılıqları Operatorun Loyallıq Proqramının icrası çərçivəsində öz öhdəliklərini pozması səbəbindən yaranmamışdırsa, Operator Loyallıq Proqramının Müştəriləri və Partnyorları arasında yaranmış mübahisə və fikir ayrılıqlarına görə məsuliyyət daşımır və məsuliyyət daşıya bilməz.
4.3 Loyallıq Proqramı Qaydalarının pozuntusuna görə Operatorun Müştəri qarşısında məsuliyyəti Bonus manatlarının\Əlavə bonus manatlarının hesablanması ilə əlaqədar istənilən pretenziya üzrə məhduddur. Müştəri tərəfindən Bonus manatlarının hesablanması/istifadəsi ilə əlaqədar təqdim edilmiş pretenziya əsaslı olduqda Operator Müştərinin bonus hesabında olan qalıq Bonus manatlarını\Əlavə bonus manatlarını korrektə edir.
4.4 Operator Proqram çərçivəsində satın alınan Mallara görə heç bir məsuliyyət daşımır. Müştəri və Partnyor arasında yaranan istənilən fikir ayrılığı onlar tərəfindən müstəqil şəkildə tənzimlənir.
4.5 Müştəri Loyallıq Proqramı çərçivəsində öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.


5. DİGƏR MÜDDƏALAR

5.1 Operator Müştərilərin Operatora ünvanlanmış müraciətlərini nəzərdən keçirir və Loyallıq Proqramının Müştəriləri və Partnyorları arasında mübahisəli məqamların tənzimlənməsi üçün bütün mümkün (ağlabatan həddə) tədbirləri görür.
5.2 Partnyor Proqram çərçivəsində xüsusi (aksiya) qiymətləri müəyyən edilmiş Malların, o cümlədən, diskont kartından və həmin TMM-in digər loyallıq proqramından istifadə zamanı Müştəriyə Malların satışından imtina etmək hüququna malikdir.
5.3 Operator və Müştəri arasında istənilən fikir ayrılığı (o cümlədən, Müqavilə ilə tənzimlənməyən məsələlər üzrə) danışıqlar yolu ilə tənzimlənir. Razılıq əldə edilmədikdə mübahisə Operatorun olduğu yerin məhkəməsində həll edilir.

6. FORS-MAJOR

6.1 Operator Müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə, əgər belə hallar qarşısıalınmaz qüvvənin təsiri, xüsusilə, müharibələr, təbii fəlakətlər, yanğınlar, daşqınlar, zəlzələlər, tətillər, kütləvi iğtişaşlar və digər ictimai təlatümlər, o cümlədən, hakimiyyətin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə bilən fəaliyyəti nəticəsində baş vermişdirsə, məsuliyyətdən azad olunur.

7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ, DƏYİŞİKLİKLƏR VƏ VAXTINDAN ƏVVƏL XİTAM EDİLMƏSİ

7.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və Loyallıq Proqramının fəaliyyətinə xitam verilən anadək etibarlıdır.
7.2 Müqavilə azərbaycan, rus və ingilis dillərində bağlanılmışdır. Azərbaycan, rus və ingilis mətnləri arasında uyğunsuzluqlar olduğu təqdirdə azərbaycan dilində olan mətnə üstünlük verilir

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

8.1 Operator və Müştəri Müqavilə üzrə və ya onunla əlaqədar yarana biləcək bütün mümkün mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
8.2 Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrə Operatorun yerləşdiyi yerin məkhəməsində, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.

9. OPERATORUN REKVİZİTLƏRİ

OPERATOR: «COMPETO MMC»
Hüquqi ünvan: AZ 1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153. Faktiki ünvan: Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, 203, AF Business House, 5-ci mərtəbə. VÖEN: 1404106781 Telefon: +994 12 5998455


«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə
«Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramına qoşulma qaydaları

1. Loyallıq Proqramı 15.04.2019-cu il tarixindən etibarən fəaliyyətə başlayır.
2. Loyallıq Proqramı haqqında məlumatlar Operator tərəfindən Saytda sistemləşdirilir.
3. Müştəri müəyyən şərtləri yerinə yetirməklə Proqram çərçivəsində aşağıdakı stimullaşdırma növlərindən yararlana bilər:
3.1 Hesablayan Partnyorun təşəbbüsü ilə Bonus manatlarının hesablanması.
3.2 Operatorun təşəbbüsü ilə Əlavə bonus manatlarının hesablanması. Əlavə bonus manatlarının yığılması qaydası Operator tərəfindən müstəqil qaydada müəyyən edilir (Operator həmçinin hazırkı Qaydaların 5-ci bölməsini də tətbiq edə bilər). Əlavə bonus manatlarının İstifadəsi bu Qaydaların 6-cı bölməsinə uyğun olaraq həyata keçirilir.
3.3 Operator və Partnyorlar tərəfindən həyata keçirilən xüsusi marketinq tədbirləri çərçivəsində premium (yüksək) əmsalın tətbiqi ilə Bonus manatlarının İstifadəsi.
3.4 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində digər stimullaşdırma növləri.

4. UİD-in əldə edilməsi və aktivləşdirilməsi qaydası.
4.1 Müştəri Proqram çərçivəsində həyata keçirilən əməliyyatların identifikasiyası üçün UİD-dən istifadə edir.
4.2 İstifadəçi UİD-inin əldə edilməsi qaydası Operator tərəfindən müəyyən edilir.
4.3 UİD-in aktivləşdirilməsinə dair təlimat Operator tərəfindən Saytda yerləşdirilir.

5. Bonus manatlarının hesablanması qaydaları:
5.1 Proqram çərçivəsində həyata keçirilən əməliyyatlara görə Bonus manatlarının hesablanması üçün Müştəri belə əməliyyatları UİD-dən istifadə etməklə identifikasiya etməlidir. UİD-dən istifadəyə dair ətraflı təlimatlar Operator tərəfindən Saytın müvafiq bölməsində yerləşdirilir.
5.2 Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində UİD-dən istifadə etməklə həyata keçirilən Malların ödənişi əməliyyatlarına görə Operator Bonus manatları hesablayır.
5.3 Qaydaların 5.2-ci bəndində göstərilən əməliyyatlar üzrə Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Partnyor tərəfindən müstəqil şəkildə müəyyən edilir.
5.4 Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Müştəriyə qabaqcadan xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Operator tərəfindən Bonus manatlarının hesablanması üçün (o cümlədən, hər bir Partnyor üçün) istifadə olunan cari faiz dərəcəsi Saytın müvafiq bölməsində göstərilir.
5.5 Toplanmış Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması vaxtı hər bir Partnyorla qarşılıqlı fəaliyyətin texniki xüsusiyyətlərindən asılıdır və fərqlənə bilər. Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması qaydasına dair məlumat Operator tərəfindən Saytda dərc olunur.
5.6 Operator həm müəyyən bir müddət ərzində, həm də Loyallıq Proqramında iştirakının bütün müddəti ərzində Müştəriyə hesablana bilən Bonus manatı məbləğinin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Belə limitlər və onlardan istifadə qaydası Saytın müvafiq bölməsində göstərilir. Operator birtərəfli qaydada, Müştərini qabaqcadan xəbərdar etmədən mövcud limitləri dəyişdirmək hüququna malikdir. Cari limitlər Saytın müvafiq bölməsində göstərilir.
5.7 Toplanmış Bonus manatının məbləği müəyyən edilmiş limitə çatarsa, cari dövrdə əlavə Bonus manatı hesablanmaya bilər.
5.8 Operator hesablanmış Bonus manatlarının etibarlılıq müddətini müəyyən etmək hüququna malikdir. Etibarlılıq müddəti başa çatdığı halda toplanmış Bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
5.9 Nəticəsində Müştəriyə Bonus manatları hesablanmış əməliyyatı Müştəri ləğv etdikdə (o cümlədən, Malları qaytardıqda) Operator həmin Bonus manatlarını ləğv etmək hüququna malikdir. Müştərinin Bonus hesabında ləğv əməliyyatının icrası üçün kifayət qədər Bonus manatları mövcud deyilsə (ləğv edilən əməliyyat üzrə hesablanmış Bonus manatları ləğv zamanı artıq istifadə olunmuşdursa (bir hissəsi istifadə olunmuşdursa)), Partnyor Bonus manatının çatışmayan məbləğini ləğv edilən əməliyyat üzrə geri qaytarılan pul vəsaitindən tutur.
5.10 Nəticəsində Müştəri tərəfindən Bonus manatları istifadə edilmiş əməliyyatı Müştərinin ləğv etməsi (o cümlədən, Malların qaytarılması) halında Operator həmin Bonus manatlarını Müştərinin Bonus hesabına bərpa edir.
5.11 Ləğv əməliyyatı zamanı Müştəri belə əməliyyatı həmin əməliyyatın əsli yerinə yetirilərkən istifadə edilmiş UİD-dən istifadə edərək identifikasiya etməyə borcludur. Ləğv əməliyyatı zamanı Müştərinin hərəkətlərinə dair ətraflı təlimat Operator tərəfindən Saytda yerləşdirilir. Həmin təlimatlar pozulduğu halda Operator Qaydaların 5.10-cu bəndinə uyğun olaraq Bonus manatının bərpasını həyata keçirməmək hüququna malikdir. 5.12 Bonus manatları, Operatorun subyektiv rəyinə görə, Müştəriyə Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan onun sui-istifadəsi nəticəsində hesablanmışdırsa, Operator Müştərinin istənilən Bonus manatlarının hamısını və ya bir hissəsini Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən və hər hansı şəkildə əvəz ödəmədən ləğv etmək hüququna malikdir.
5.13 Operator müəyyən növ əməliyyatların həyata keçirilməsi zamanı və ya öz mülahizəsi əsasında digər hallarda Bonus manatlarının hesablanmasına məhdudiyyət qoymaq hüququna malikdir. Məhdudiyyətlər barədə məlumat Operator tərəfindən Saytda yerləşdirilir.
5.14 Bonus Manatlarının hesablanması nəticəsində onlar tam miqdarda əldə edilmirsə, onların tam hissəsisi pul vahidinə (Azərbaycan manatı) və kəsr hissəsi – xırda pula (Azərbaycan qəpiyi) bərabər hesab edilir.
5.15 Müştəri Bonus Manatlarının məbləği barədə məlumatı Müştərinin Saytdakı şəxsi kabinetindən, mobil tətbiqdən və ya Operatorun Əlaqə Mərkəzinə müraciət etməklə əldə edə bilər.
5.16 Bonus manatının yanlış hesablanması/ istifadəsi halında Operator müstəqil şəkildə, Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən düzəlişlər etmək hüququna malikdir.

6. Bonus manatlarından istifadə qaydaları.
6.1 Toplanmış Bonus manatları Müştəri tərəfindən İstifadə edən Partnyorun TMM-lərində Mallara görə ödəniş həyata keçirilərkən istifadə edilə bilər. Bonus manatlarından istifadə etmək üçün Müştəri əməliyyatı UİD-dən istifadə etməklə identifikasiya etməli və Bonus manatlarının istifadəsinə dair Operator tərəfindən Saytda yerləşdirilmiş təlimatlara əməl etməlidir.
6.2 Ümumi qaydada Müştəri öz Bonus Hesabında olan Bonus Manatlarının istənilən hissəsini istifadə edə bilər. Hər hansı İstifadə edən Partnyorun işinin texniki xüsusiyyətləri Bonus manatlarından istifadəni ümumi əsaslarla həyata keçirməyə imkan vermirsə, belə İstifadə edən Partnyorlarda Bonus manatlarından istifadənin xüsusi qaydası tətbiq oluna bilər.
6.3 Ümumi qaydada bir Bonus manatından İstifadə zamanı Müştəri İstifadə edən Partnyordan ekvivalent dəyərdə Mal əldə edir. Xüsusi marketinq fəaliyyətləri (aksiyalar) çərçivəsində istifadə daha yuxarı və ya daha aşağı əmsaldan istifadə edilməklə həyata keçirilə bilər.
6.4 Bonus manatından istifadə Bonus manatının etibarlılıq müddətinin bitməsinədək olan vaxt nəzərə alınmaqla həyata keçirilir. İlk növbədə etibarlılıq müddətinin bitməsinə daha az qalmış Bonus manatları silinir.

7. Digər şərtlər
7.1 UİD-in aktivləşdirilməsinin köməyi ilə identifikasiya edilən istənilən əməliyyat həmin UİD-i aktivləşdirən Müştəri tərəfindən həyata keçirilmiş əməliyyat hesab edilir. Müştəri müstəqil olaraq UİD-in təhlükəsizliyini təmin edir. Operator Müştərinin UİD-inə çıxış əldə etmiş üçüncü şəxslərin icazəsiz hərəkətlərinə görə məsuliyyət daşımır.
7.2 Bonus manatları, habelə Müştərinin Əlavə bonus manatları başqa bir şəxsə ötürülə bilməz və ya Loyallıq Proqramının Müştərisi olub-olmamasından asılı olmayaraq digər şəxsin Bonus manatları/Əlavə bonus manatları ilə birləşdirilə bilməz.
7.3 Müştəri ona hesablanmış Bonus manatlarının və ya Əlavə bonus manatlarının məbləği ilə razılaşmadıqda, etiraz yazılı formada və ya Azərbaycan Respublikasının vətəndaşların müraciətlərinə dair qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş digər formada Operatora ünvanlanır.

© All Right Reserved. Competo LLC.
[email protected]umico.io